+99412 555 25 51 +99451 756 11 33 +420 608 910 706 [email protected]
AZ RU EN
Arabic
Azerbaijani
Bashkir
Belarusian
Bulgarian
Chinese
Czech
English
Farsi
French
Georgian
German
Hindi
Hungarian
Italian
Kazakh
Kyrgyz
Moldovan
Polish
Russian
Slovak
Spanish
Tajik
Tatar
Turkish
Turkmen
Ukrainian
Uzbek
Gün tutulmasıGün tutulması
/ Рассказы

Gün tutulması

Gündüz məşəlinin yandırıcı şüaları altında bir yolçu qətedilməz bir yolu keçməyə, mənzil başına çatmağa çalışırdı. Istədiyi ətrafında gördüyü sarı qum ənginliyinin sonuna çatmaq, arxasındakı münbit torpaqlardan, onların sakinlərindən uzaqlaşmaq idi. Qarşıda nə olmasının əhəmiyyəti yox idi. Təki əvvəlki insanlar, əvvəlki yerlər olmayaydı.

İstədiyi onu tanımayan adamların, indiyədək görmədiyi yerlərin olduğu bir mənzilə çatmaq idi.

Bilirdi ki, səhra əngin, ucsuz-bucaqsızdır, mənzil uzaqdır, günəşin şüaları acımasızdır, özü isə yorğundur. Bilirdi ki, bütün qüvvəsi geridə qoymağa çalışaraq yanından baş götürüb qaçdığı, gözləri gecələr qədər qara gözəlin yanında qalıb. Bilirdi ki, bu dəqiqə onu irəli aparan yalnız və yalnız inadıdır. Göstərmək istəyir ki, o gözlərin cazibəsi qarşısında məğlub olmayıb.

Ürəyinin bir parçası onu geri qayıtmağa çağırırdı, amma iradəsinin gücü daha təsirli idi və ayaqlar inadla irəli, irəli, irəli addımlayırdı. Yol getdiyi gün yarım ona əbədiyyət qədər uzun görünürdü.

Mən bir aldanış, günəş şüaları altında parlayan bir xəyal ikən, Sərap adını daşıyan, sənin olan bir qadına çevrildim.

Hələ gün yarım əvvəl yaşıllıqlı bir vadinin ortasında ucalan mavi çadırda günlərini bitməz bir həzz içərisində yaşayırdı. Gecəsi o gözəlin qara gözləri, saçları, gündüzü ağappaq dərisi, günəşi gül üzü idi. Bir ilahə kimi ona, onun gözəlliyinə səcdə, ibadət edərdi. Hər təmasında qara saçlar şəlalə təki axıb tökülər, dəli bir axınla öz düzümünü dəyişərdi. Qara gözlər gözlərinə sonsuz pərəstiş, sevgi ilə baxardılar. Könlündən o baxışları bulaq kimi içmək keçərdi. Bədəninə hər toxunuşunda ağappaq dəri uçunar, titrəyər, onun qaraşın dərisinə doğru can atardı. O balaca məxluqun qarşısında bütün vücudu, ruhu birər titrəyişə çevrilərdi. Gün yarım əvvələ qədər belə idi. Sonra isə hər şey dəyişdi. O dəyişimi xatırlayanda yumruqları özündən ixtiyarsız düyümlənir, qaşları çatılır, addımlarını daha yeyin-yeyin atırdı. O yerdən – bir zaman xoşbəxtliyini tapdığını sandığı vadidən daha tez uzaqlaşmaq istəyirdi.

Qaçmaq, qaçmaq, qaçmaq lazım idi.

Bu arada buralarda bir quyu olmalıydı. Başını götürüb qaçarkən özü ilə heç nə götürməmişdi, nə bir damla su, nə də  bir xurma. Bulağın olmasını, həqiqi mövcudiyyətini  isə göstərən bir nişanə belə yox idi.

Bu yerdə Ölüm labüd idi. Başında dünəndən qopan ağrı saniyəbəsaniyə artırdı, qurumuş dodaqları isə su əvəzinə durmadan, inadla təkrar edirdi.

– Sərap… Sərap, niyə belə etdin? Niyə?

Əslində içində gücsüz bir fəryad var idi və o fəryadı

susdurmağa yalnız taqətsizliyinin gücü çatırdı. Başını çevirib uzaqlaşmağa çalışdığı istiqamətə gözucu nəzər saldı və gözlərinə inanmadı. Vahə inanılmaz dərəcədə yaxın görünürdü, sanki əl uzatsan çatardı, sanki bir neçə yüz addımlıq məsafədə idi. Dərindən köks ötürdü.

– Sərap, yenə mənimlə oynayırsan…

Hə… Bu, yolçuların əbədi ilğımı idi. Günəş öz şüaları ilə arzuolunan illüziyanı yaratmışdı. Əgər səhranın aldadıcı xasiyyətini bilməsəydi, qaça-qaça o əlçatmaz xoşbəxtliyə doğru yüyürərdi. Amma…

Amma təəssüflər olsun ki, öyrəndikləri, bildikləri qarşısında maneə idi.

Başqa seçim yox idi: yoluna davam etməli idi.

Hava axşama doğru qaralmaqda idi. Bilirdi ki, günəş qürub etdikdən sonra səhranı soyuq bir külək ağuşuna saracaq, o isə öz tənhalığı ilə baş-başa qalıb soyuqdan deyil gələcəyinə qorxusundan titrəyəcək. Bunu bilirdi və hiss edirdi ki, səhranın öldürücü gücə malik soyuğu, yandırıcı günəş şüaları susuzluq və içindəki əzablarla əl-ələ verib onun sonuna çatacaq. Bunları bilirdi, amma geri dönmək istəmirdi, qəbul olunmayacaq həqiqətlərlə qarşılaşmaq istəmirdi.

Gecə belə keçirdi…

Gecə belə keçmişdi və onun iztirablarına son gətirməmişdi. Nə qədər soyuq olsa da, bu hələ son deyildi. Fikirlərini beynindən qovmaqçün taqətsizliyinə qalib gələrək yenə getməkdə idi.

Bu yol bitəcək deyildi…

Bu yolu bitirəcək olan onun sonu olmalıydı. Son isə hələ tələsmirdi, öz qurbanını damla-damla, tikə-tikə ağuşuna alırdı, qüvvəsini sorurdu, axırıncı saniyəni gecikdirməklə qurbanından alacağı həzzi artırırdı. Səhranın bütün sərtliyi kimi ölüm də burda daha amansız idi.

Labüd ölüm onu qorxutmurdu, əksinə dayanmadan irəliləmək istəyirdi ki, qüvvəsinin tükənməsi ilə o mənhus ana daha da yaxın olsun. Dayanmaq, dincini almaq, qurumuş dodaqlarına vurmaq üçün bir damla su aramaq belə istəmirdi.

O, gecə öldürücü soyuq iliklərinə işləsə də, yoluna davam etmişdi. Indi isə günəş yavaş-yavaş yüksəlməkdə idi. Yüngül meh belə əsmirdi. Hava getdikcə isinməkdə, dünənki, iki gün əvvəlki istisini geri qaytarmaqda idi.

Onunçün isə artıq heç bir əhəmiyyəti qalmamışdı. Yolu mənzil başına çatmaq üçün yox, getmək, dayanmamaq, təslim olmamaq xatirinə gedirdi. Çatmaq istədiyi tək mənzil ölümün qara ağuşu idi.

Artıq iki gün idi. Iki gün idi ki, beynində o müdhiş anın möhürü ilə yalnız onu düşünürdü. Fikirlərini ondan uzaqlaşdırmaq istədikcə yenə eyni səhnəni yaşayır, eyni sözləri eşidirdi.

Onda yatmışdı, daha doğrusu Sərapın ağuşunda keçirdiyi bir gecədən sonra atlas yorğan-döşəkdə gözlərini yumaraq xumarlanmışdı.

Sərap isə oyaq idi, güzgü qarşısında uzun, qara saçlarını darayırdı. Qəfildən Sərapın həmişə yanında olan qoca dayəsi içəri girmişdi. Pıçıltı ilə ona nə isə deməyə başlamışdı.

O əvvəlcə öz xoş xəyallarına o qədər dalmışdı ki, heç nə eşitmirdi, amma Sərapın heyrət və qorxu ilə – O??? – deməsi onu diqqət kəsilməyə vadar etmişdi.

Dayə pıçıltı ilə Sərapın adını belə çəkməyə qorxduğu adamın gəlib-çıxdığını və onu görmək istədiyini deyirdi. Sonra isə qəribə bir şey baş vermişdi. İçəri ucaboy, qaraşın, zəhmli sifətindən hökmranlıq tökülən biri girmişdi və onun təəccübünə rəğmən Sərapı bərk-bərk qucaqlamışdı. Bunlar elə sürətlə baş vermişdi ki, heç nə etməmiş, sadəcə yataqda dikəlib onlara baxmışdı. Əsl dəhşət isə onda başlamışdı. Yeni gələn ona ilan gözləri qədər soyuq gözləri ilə baxaraq Sərapı ağuşundan buraxmışdı. Onun sualedici baxışları hesab istəyirdi.

Oysa o, nə baş verdiyini belə bilmirdi.

– Sən kimsən? – sual elə hökmlə verilmişdi ki, cavab vermək lazım idi, amma niyə axı o, tanımadığı birinə kimliyini deməliydi?

Sərap əllərini həmin adamın qarşısında yalvarırmış kimi açaraq – Xahiş edirəm… – pıçıldadı – mən hər şeyi izah edərəm, amma ona toxunma.

O, hələ də heç nə anlamamışdı, amma Sərapın yalvarışı və yad adamın ona verdiyi sual ona anladırdı ki, burda nə isə düzgün deyil. Ayağa qalxaraq həmin adamın qarşısında durdu və Sərapın əlindən tutdu.

– Mənin kim olmağımın bir önəmi yoxdur, amma sənin onunla bu cür danışmağa haqqın yoxdur. O mənimdir!

Qarşısındakı isə qəhqəhə çəkdi

– Ha… Ha… Ha… Burada hər şey mənimdir. Mənim dediyin qadın da. Sərap, get buradan! – Sərap ani bir tərəddüdlə bir anlıq duruxdu, amma onun təəccüblü baxışları altında kirimişcə əlini çəkib çadırdan tələsik çıxdı. – Sən, – yad adamın uzun barmaqları onun sinəsinə tuşlandı – Sən o qadınçün yalnız müvəqqəti əyləncə olmusan! Vəssalam! Onlarca məşuqdan sadəcə biri. Başqalarından fərqin bir azca çox yaşamanda olub. O qədər. O, sənə mərhəmət etmişdi, mən – onun sahibi də edirəm. Get! – o, yerindən tərpənmək istəməmişdi və göy gurultusuna bənzəyən bir səs onu sanki yuxudan oyatmışdı – Cəhənnəm ol burdan!

Getmək lazım idi.. Onu aldadan qadının olduğu yerdən uzaq olmaq lazım idi. Elə o düşüncələrlə də çadırı və vahəni başıalovlu, yolda nə edəcəyi haqqında düşünmədən tərk etmişdi, yola çıxmışdı.

İndisə ölümünün son qoyacağı o yolla məqsədsiz-düşüncəsiz irəliləyirdi.

Sərapa rast gəlməzdən – daha doğrusu bir karvanla irəliləyərkən ilğıma aldanaraq az qala ölümünün ağuşuna düşməsindən öncə həyatda nə üçün yaşadığının fərqinə varmağı heç düşünməmişdi. Sərapın ağuşunda keçirdiyi 3 ay onu inandırmışdı ki, bütün ömrünü yalnız bu xoşbəxtlikçün yaşayıbmış. Sanki həyatın bitməz yollarını yalnız Sərapçün keçibmiş. Sərap onu susuzluq və taqətsizlikdən az qala öldüyü bir vaxtda tapmışdı. Onu xilas etmiş, ona sevgisini vermişdi. Hamısı yalan imiş…

Hər şey hərdəmxəyal qadının yalançı sevgi oyunundan ibarət imiş…

Gözləri qarşısında rəngli dairəciklər oynamağa başlamışdı. Bu ona tanış idi. O demək idi ki, huşunu itirib hallusinasiyalı bir yuxuya dalmasına az qalıb.

Artıq düşüncəsindəki əvvəlki aydınlıq geri çəkilirdi. Əvvəlcə çalışırdı ki, Sərapla keçən 3 ay haqqında düşünməsin. Indi isə düşüncələrinə müqavimət göstərməkçün taqəti yox idi. Şüur iradəyə tabe olmaqdan tam mənası ilə imtina edirdi. Ona hakim olan ən xoş anlar, xatirələr idi.

Heç özü də bilmədi nə vaxt dizləri üstünə çökdü. Günəşin şüaları beyninə təsir edirdi. Gözlərini yumdu. Qəflətən kirpiklərini sərin bir meh oxşadı. Gözlərini qıyıb başını qaldırdı və səmaya baxdı. Günəşdə qeyri-adi bir solğunluq var idi, sanki o da nəyinsə, ya kiminsə həsrətini çəkirdi.

Gözlərini yenidən yumdu. Əslində dayandığı vəziyyətdə narahat olmalıydı, amma özünü elə rahat hiss edirdi ki, sanki qov kimi yüngül idi, əsən mehə qoşulub hara gəldi gedə bilərdi. Gözləri qarşısında canlanan yalnız bir mənzərə idi.

Oturmuşdu, Sərap qucağında, qolları arasında. Qara saçları dalğa-dalğa ikisinin çiyinlərinə tökülmüşdü. Bu gözəlin ona məxsus olmasına inanmayaraq, onu incitməkdən qorxurmuş kimi vücudunu əlləri ilə ehmalca oxşayırdı. Qara saçlar arxasında gizlənmiş ağ dəriyə dodaqları ilə təmas edirdi. Bu təmasdan doğan, ayrılmaz bir tamlığa çevrilmiş iki bədəni titrədən həzdən qorxurdu.

O an yaddaşına elə yazılmışdı ki, heç nə silməyə qadir deyildi. Elə o anın xəyalı ilə də huşunu itirdi. Bədəni cansız imiş kimi sarı qumların üstündə düşdü qaldı.

O an səmada qeyri-adi dəyişikliklər baş verməkdə idi. Qara bir kölgə günəşin qarşısını tutmağa başlamışdı. Ayın bədrlənməsindən sonra 14 gün ərzində onun nazilməsi burda günəşlə inanılmaz bir sürətlə baş verirdi. Əvvəlcə bütöv görünən sarı dairənin indi yalnız yarısı görünürdü və səhraya gündüz vaxtına xas olmayan sərinlik çökmüşdü.

Onun isə bunlardan xəbəri yox idi.

O, heç təxmin edə bilməzdi ki, səhrada günəşin hakimiyyətinə nə isə mane ola bilər. O, bilə bilməzdi ki, bu hakimiyyətin müvəqqəti duruşu nələri dəyişməyə qadirdir. O, ağlına belə gətirə bilməzdi ki, beynində fırlanan xəyalların qəhrəmanı bu an onu tapa və ağappaq, şana barmaqları ilə saçlarını üzündən çəkə, ona kölgəlik yarada, su verə bilər.

Özünə gəlib gözlərini açanda başı Sərapın dizləri üstündə idi. Başları üstündə açıq səma deyil, kəcavənin alabəzək pərdəsi var idi. Sərap alnını, üzünü soyuq su ilə isladaraq onu huşa gətirməyə çalışırdı.

Taqəti olmasa da, gözlərini açanda ilk etdiyi hərəkət Sərapın dizləri üstündən çəkilmək cəhdi oldu, amma qüvvəsi qalmamışdı. Gözləri qarşısında yenə huşunu itirməzdən əvvəlki mənzərə canlandı və anladı ki, artıq müqavimət göstərməyə qadir deyil.

Kəcavədə olsalar da, hava səhraya xas olmayacaq dərəcədə sərin idi. O da bunu hiss edib nə baş verdiyini anlamaq üçün səmaya boylandı və heyrətdən içini çəkdi. Gündüz məşəlinin şölə saçmalı olduğu yerdə qızılı halədən başqa heç nə yox idi. Sanki gözəgörünməz bir əl günəşin mərkəzini kəsib götürmüş, təkcə kənarlarını saxlamışdı. Səmada aydın gecələrdə olduğu kimi ulduzlar işıq saçırdı. Ala-qaranlıqda günəşin silueti çox əsrarəngiz görünürdü.

O, çevrilib heyrətlə Sərapa baxdı. Sərap uzun saçlarını geri edərək kədərlə gülümsədi.

– Səhrada günəşin hakimiyyəti mənin hakimiyyətimlə birgə bitdi, nurum.

O, küskün halda gözlərini onun üzündən çəkdi, elə onda şana barmaqlar yenidən onun saçlarını oxşamağa başladı və pıçıltı ilə deyildiyindən güclə eşidilən sözlər səsləndi.

– Əgər bağışlaya bilərsənsə, məni bağışla – bu yerdə onun qulaqlarını oxşayan səs titrədi və kəsildi. Bədənini gücdən salmış əzabları olmasaydı, durar, Sərapı qolları arasına alar, ona hər şeyi bağışlaya biləcəyini söyləyərdi. Amma heç nə etmədi. Ən azından ona görə ki, bir açıqlama eşitməyə ehtiyacı var idi. Sanki onun bu istəyini hiss edibmiş kimi Sərap ağır-ağır sözə başladı

– Bilirəm, mənim hər şeyi izah etməyimi gözləyirsən. Xahiş edirəm, eşidəcəklərini cəfəngiyat hesab etmə. Əslində bu qədim bir səhra əfsanəsidir – Sərap dərindən köks ötürüb fasilə verdi, sanki olan-qalan qüvvəsini toplamaq istəyirdi. O da diqqət kəsildi. – Qədim zamanlarda hələ insanlar yox ikən səhrada yalnız səmum yellərinin hökmran olduğu dövrlərdə insanları aldadıb bir yerdən başqa yerə çəkib aparan ilğımlar da yox idi. Hamı inanır ki, ilğımı günəş şüaları yaradır, amma haqlı deyillər. Əslində ilğım boşa çıxan, həyata keçməsini istədiyiniz xəyallardır ki, günəş onlara cəlbedici, canlı görünən parlaqlıq verir. Insanlar səhranı fəth etməyə çalışdıqca o da onlardan etdikləri acımasızlıqların, sevgisizliklərin qisasını almaqçün onları öz ilğımları ilə ölümün ağuşuna çəkirdi. Bu qayda belə qoyulmuşdu və belə də olacaqdı. Ilğımın cəlbedici olması, insanları özünə çəkməsi üçün ona qadın füsunkarlığı lazımdır. Elə burdan da mən yaranmışam. Əslində mən boşa çıxan ümidlərin, mümkün olmaz arzuların, əlçatmaz xəyalların timsalıyam. Qarşılaşdığın adam isə qoca səhranın özü idi. Sən hamı ilə birlikdə qara ölümün əlində çırpınırkən həmişə bir aldanış olan mən reallığa qovuşdum və səni xilas etdim. Eynən indiki kimi. Günəşin bu sirli tutuluşu yalnız mənim sənə – mənim reallığıma daha böyük tutqu ilə sarılmama, ayrılmaq istəməmə gərək idi. Mən bir aldanış, günəş şüaları altında parlayan bir xəyal ikən Sərap adını daşıyan, sənin olan bir qadına çevrildim. Indi səndən soruşuram. Məni mən olaraq qəbul edərsənmi?

O, sadəcə vurğun gözləri ilə Sərapa baxdı və ağappaq əlləri dodaqlarına yaxınlaşdırdı

Tutqun günəş və parlaq ulduzların şöləsi altındakı bir səhra gündüzündə bu, qırılmaz bir and demək idi.

Paşa F.

No comments
Post a Comment

Свежие Записи

Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün onlayn kurslarSound of a womanГоворите по-английски красивоDEMƏYƏ SÖZ TAPMIŞAMHomo faber vs. Homo ludens

Рубрики

Отзывы на книгиЗаметки и статьиПромо статьиРассказы